QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat-axtarış tədbirləri nəticəsində 2025-ci ildən beynəlxalq axtarışda olan Fetiyev Murad Qərib oğlu Azərbaycana gətirilib və istintaqa cəlb olunub. Bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.

Araşdırma zamanı müəyyən edilib ki, Murad Fetiyev xarici ölkədən idarə olunan radikal mərkəzlərin göstərişi ilə sosial şəbəkələrdə qruplar yaradıb. Məqsəd Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin yayılmasına yönəlib. O, xaricdə və ölkədə yaşayan azsaylı etnik qrupun ekstremist ideyalar daşıyan üzvlərini həmin qruplara cəlb edib.

Bundan başqa, qrupların arasından radikal mövqeyi ilə seçilən şəxslərin müəyyənləşdirilməsi, ölkədəki mühüm strateji obyektlər barədə məlumat toplanması və terrorçuluğa açıq çağırışlar edilməsi təşkil olunub.

Bir müddət əvvəl həmin cinayətkar qruplaşmanın bəzi üzvləri dövlət müəssisəsinə hücum və insanların girov götürülməsi üçün hazırlıq gördüklərinə görə həbs edilərək cinayət məsuliyyətinə cəlb olunublar. DTX-nin məlumatına görə, onların məqsədi Azərbaycanın müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək olub.

Murad Fetiyev Cinayət Məcəlləsinin terrorçuluğa açıq çağırışları nəzərdə tutan 214-2-ci, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına dair 283-1-ci və digər maddələri ilə ittiham olunur. İş üzrə məhkəmə baxışı başlayıb.