QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Vyetnamın Baş naziri Le Minh Hunq və Milli Assambleyanın sədri Çan Tan Man ilə görüşlərində iki ölkə arasında əlaqələrin genişləndirilməsi və yeni sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycanla Vyetnamın münasibətləri diplomatik təmaslarla yanaşı, uzunmüddətli dostluq, qarşılıqlı dəstək və ortaq maraqlara əsaslanır. Əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması isə Vyetnamın baş katibinin Azərbaycana səfəri zamanı münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub.

Strateji tərəfdaşlıq siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, iqtisadiyyat, enerji, ticarət və investisiya sahələrində əlaqələri genişləndirmək üçün imkanlar yaradır. Tərəflər beynəlxalq platformalarda da bir-birinə yaxın mövqedən çıxış ediblər. Buna Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və BMT çərçivəsində əməkdaşlıq nümunə göstərilir.

Ölkələr arasındakı dostluğun tarixi 1959-cu ildə Ho Şi Minin Azərbaycana səfərinə, Heydər Əliyevin Vyetnamla əlaqələrin inkişafına verdiyi töhfələrə və Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislərə dayanır. Həmin mütəxəssislər bu gün Vyetnamın, xüsusən də neft sənayesinin inkişafında rol oynayırlar.

Tərəflər tarixi münasibətləri iqtisadi təşəbbüslərlə möhkəmləndirməyə çalışırlar. Perspektivlər arasında SOCAR vasitəsilə neft-qaz sahəsində əməkdaşlıq, Azərbaycanın tranzit imkanlarından istifadə, Orta Dəhliz və Şərq-Qərb nəqliyyat marşrutu yer alır. Vyetnam şirkətlərinin Azərbaycanda investisiya və tikinti sektoruna marağı, eləcə də ölkəmizdən region bazarlarına çıxış imkanları da əməkdaşlığın mümkün istiqamətlərindəndir.

Qarşılıqlı səfərlər və yüksək səviyyəli siyasi təmaslar Bakı ilə Hanoy arasındakı dostluq münasibətlərini iqtisadi əməkdaşlıq və strateji tərəfdaşlıqla möhkəmləndirməyə yönəlib.