QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda qanunvericilik 13-cü və ya 14-cü maaş adı ilə hamı üçün məcburi ödəniş nəzərdə tutmur. Bununla belə, ayrı-ayrı sahələrdə ilin nəticələrinə görə əlavə ödəniş, mükafat və illik müavinət verilməsi qanunvericilikdə və ya normativ aktlarda təsbit oluna bilər.

Bu ödənişlərin verilməsi bir çox halda müəssisənin daxili qaydaları, əmək müqaviləsinin şərtləri və maliyyə imkanları ilə bağlıdır.

Neft-qaz sahəsində, o cümlədən SOCAR-ın struktur bölmələrində və beynəlxalq enerji şirkətlərində kollektiv müqavilələr işçilərə illik mükafat və ya maddi yardım verilməsini nəzərdə tuta bilər. Sənəddə ilin sonunda və ya müəyyən bayramlarda belə ödənişin məcburi olduğu göstərilibsə, müqaviləni imzalayan işəgötürən həmin öhdəliyi yerinə yetirməlidir.

Bəzi kommersiya banklarında isə daxili qaydalar, işə qəbul müqavilələri və bonus siyasətləri illik maliyyə nəticələri müsbət olduqda bir və ya iki aylıq əməkhaqqı həcmində bonus verilməsini şərtləndirir. Belə bir müddəa fərdi əmək müqaviləsində yer alarsa, tərəflər üçün hüquqi öhdəlik yaranır. Bonus KPI və ya 13-cü, 14-cü maaş formasında müəyyən edilə bilər.

Adi dövlət qurumlarında ilin sonu mükafatı büdcədə qənaət olunmuş vəsaitdən asılı ola bilər. Bununla yanaşı, bəzi xüsusi xidmət sahələrində və hərbi qulluqçular üçün qanunla tənzimlənən əlavə maddi yardımlar, bayram ödənişləri və illik yekun mükafatları nəzərdə tutulur. Bu ödənişlər rəsmi olaraq 13-cü maaş sayılmır və stimullaşdırıcı ödənişlər kateqoriyasına daxildir.

Azərbaycanda işləyən bəzi beynəlxalq şirkətlər qlobal daxili siyasətlərinə əsasən, yerli qanunvericiliyə uyğun şəkildə əməkdaşlarına ilin sonunda 13-cü ayın maaşını verirlər. Bu müəssisələrdə ödəniş daxili qaydalarla standart korporativ paketə daxil edilə bilər.