QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, avtomobillərin bazar qiymətinin son illər artmasına baxmayaraq, icbari sığortada əmlaka dəyən zərər üçün müəyyənləşdirilən təminat dəyişməyib. Bu vəziyyət mövcud məbləğin bahalaşan avtomobillərin təmir xərclərini ödəməyə yetib-yetmədiyi barədə suallar doğurur.
Sığorta eksperti Emil Ağabağırov bildirib ki, icbari avtomobil sığortası çərçivəsində əmlaka vurulan zərərə görə 5 000 manatadək təminat tətbiq olunur. Onun sözlərinə görə, bu məbləğ yol-nəqliyyat hadisələrinin əksəriyyətində qeydə alınan zərərin ödənilməsinə kifayət edir.
Ağabağırovun qeyd etdiyi kimi, əvvəl sığorta hadisələrinin orta zərəri 2 000-3 000 manat təşkil edirdisə, son dövrdə göstərici 3 000-4 000 manat həddinə yaxınlaşıb. Buna baxmayaraq, 5 000 manatlıq təminat orta zərəri qarşılamaq üçün yetərlidir.
Ekspert əlavə edib ki, sürücülər könüllü məsuliyyət sığortası da əldə edə bilərlər. Təxminən 20 manat əlavə ödəməklə təminatı daha 5 000 manat artırmaq, qarşı tərəfin avtomobilinə dəyən zərər üzrə ümumi məbləği 10 000 manata çatdırmaq mümkündür.
Ağabağırovun qənaətinə görə, mövcud təminat əksər hallarda zərəri ödədiyindən, yaxın vaxtlarda icbari avtomobil sığortası üzrə məbləğin artırılması gözlənilmir.