QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, qış yaxınlaşdıqca alternativ istilik vasitələrinə, o cümlədən elektrikli kombilərə maraq artır. Qaz xəttinin olmadığı ərazilərdə bu avadanlıqlara tələbin yüksəlməsi onların xərc və təhlükəsizlik baxımından nə dərəcədə uyğun olması məsələsini gündəmə gətirir.
Elektrikli kombilərdə qaz sızması, dəm qazından zəhərlənmə və partlayış təhlükəsi yoxdur. Bu qurğular üçün baca da tələb olunmur. Bununla yanaşı, seçim edərkən ilkin quraşdırma məbləği və sonrakı aylıq istifadə xərcləri nəzərə alınmalıdır.
İqtisadçı Xalid Kərimli Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanın uzunmüddətli iqlim öhdəlikləri qazla işləyən istilik sistemlərindən elektrik enerjisinə keçid məsələsini də gündəmə gətirir.
Onun sözlərinə görə, Paris İqlim Sazişinə qoşulan Azərbaycan üçün 2035 və 2060-cı illərə aid hədəflər müəyyən edilib. Bu çərçivədə gələcəkdə qazla isitmə sistemlərinin elektriklə əvəzlənməsi də müzakirə olunur.
Kərimli qeyd edib ki, istilik avadanlığının seçimi şəxsin maddi imkanlarına, texniki şəraitə və təhlükəsizlik normalarına uyğun aparılmalıdır. Qurğu tələb olunan texniki standartları ödəyirsə, enerji mənbəyini müəyyən etmək istehlakçının seçimidir.
İqtisadçı elektriklə isitmə sistemlərinin əsas mənfi tərəfinin yüksək istismar xərcləri olduğunu vurğulayıb. Hazırkı şəraitdə təbii qazla isinmək elektrik enerjisindən daha ucuz başa gəlir. Buna görə elektrikli kombiyə keçmək bütün hallarda ailə büdcəsinə qənaət etməyə imkan vermir. Bununla belə, qərar yalnız enerji tarifləri əsasında verilməməlidir.
Bəzi evlərdə baca qurmaq mümkün deyil, yaxud qaz kombisinin quraşdırılması üçün texniki şərait yoxdur. Kərimlinin fikrincə, belə vəziyyətlərdə elektrikli kombi daha uyğun seçim ola bilər.
İqtisadçı vətəndaşlara hər iki sistemin illik istifadə xərclərini, təhlükəsizlik tələblərini və quraşdırılma imkanlarını tutuşdurmağı tövsiyə edib. Qaz avadanlığını təhlükəsiz işlətmək üçün lazımi şərait yoxdursa, daha ucuz yanacaqdan istifadə qənaətli görünsə də, ciddi təhlükə yarada bilər.