QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, noyabrın 25-də gündüz saatlarından etibarən Bakı və Abşeron yarımadasının bəzi ərazilərində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntı qısa müddətə güclənə bilər. Güclü şimal-qərb küləyi axşama doğru zəifləyəcək, havanın maksimal temperaturu 12-14 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, noyabrın 25-də ölkənin şimal və qərb rayonlarından başlayaraq bölgələrdə də fasilələrlə yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın intensivləşməsi və şimşək çaxması, dağlıq yerlərdə isə qar yağması mümkündür.

Yağıntılarla əlaqədar çaylarda suyun artacağı, bəzi dağ çaylarında qısamüddətli sel olacağı istisna edilmir. Maksimal temperatur aran rayonlarında 14-18, dağlıq ərazilərdə 5-8 dərəcə isti təşkil edəcək.

Məmmədovanın sözlərinə görə, noyabrın 26-da ölkə üzrə hava sabitləşəcək və gün əsasən yağmursuz keçəcək.