QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Bakıda avtobusların hərəkətini tənzimləmək üçün xüsusi svetoforların quraşdırılması nəzərdə tutulur. Ekspertlərin sözlərinə görə, sistem digər nəqliyyat vasitələrinin sürücüləri üçün mövcud qaydaları dəyişməyəcək və tıxaclara əhəmiyyətli təsir göstərməyəcək.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, yeni işıqforlar avtobusların hərəkətini asanlaşdırmaq və fəaliyyətini daha səmərəli qurmaq məqsədi daşıyır. Digər sürücülər indiki svetoforların siqnallarına uyğun hərəkət edəcəklər; avtobuslar üçün nəzərdə tutulan işıqlar onlara şamil olunmayacaq. Həmin ərazilərdə ümumi nəqliyyat üçün adi svetoforlar da qalacaq.
Mustafayevin sözlərinə görə, yeni sistem avtobuslara hərəkət istiqaməti və dayanma vaxtı barədə göstəriş verəcək. Bu, ictimai nəqliyyatın işinin yaxşılaşdırılmasına xidmət edəcək.
Digər ekspert Ərşad Hüseynov qeyd edib ki, həmin svetoforlardan yalnız avtobus zolaqları ilə gedən marşrut avtobusları istifadə edəcək. Onun fikrincə, Bakıda belə qurğuların 3-4 yerdə — avtobusların hərəkətinin digər nəqliyyat vasitələrinin yolları ilə kəsişdiyi nöqtələrdə quraşdırılması mümkündür.
Hüseynov vurğulayıb ki, ayrıca svetofor belə yerlərdə avtobuslarla digər nəqliyyat vasitələri arasında yaranan ziddiyyətləri aradan qaldırmağa və hərəkəti nizamlamağa kömək edəcək. Ümumi svetoforlar isə digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini tənzimləyəcək.
Ekspertin qənaətinə görə, yeniliyin ümumi nəqliyyat axınına, eləcə də tıxacların artıb-azalmasına ciddi təsiri gözlənilmir. Əsas məqsəd müəyyən yol sahələrində avtobusların hərəkətini daha təhlükəsiz və nizamlı təşkil etməkdir.