QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Böyük Britaniya ABŞ-dəki “Tripwire South LLC” şirkətindən EDC-4 partlayıcı maddəsi alaraq Ukraynaya göndərib. Məhsul C-4-ün təkmilləşdirilmiş variantı kimi təqdim olunsa da, Britaniya Müdafiə Nazirliyinin yoxlamalarında adi plastik partlayıcının əsas komponenti sayılan RDX (heksogen) müəyyən edilməyib.

“Financial Times” qəzetinin məlumatına əsasən, sınaq nümunələrində RDX deyil, PETN maddəsi aşkarlanıb. Tədarük olunan partlayıcıların Ukrayna zərbə dronlarında və başqa silah sistemlərində istifadəsi nəzərdə tutulub.

“Task Force Kindred” proqramı üzrə bağlanmış razılaşma 26,3 milyon funt-sterlinq dəyərində, ümumilikdə 204 tona qədər maddənin verilməsini əhatə edib. İlk sifariş 36 ton olub.

“Tripwire South” araşdırmanın nəticələri ilə razılaşmayıb və göndərilən hər partiyada RDX olduğunu bildirib. Şirkət “Financial Times”ı məhkəməyə verməklə hədələyib. Britaniya Müdafiə Nazirliyi sınaq nəticələrini təsdiqləyib, bununla belə, maddənin istifadəyə yararlı sayıldığını və müqavilədə onun tərkibində konkret komponentlərin olmasının tələb edilmədiyini açıqlayıb.