QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakıda avtobuslar üçün ilk dəfə quraşdırılacaq yeni işıqforların iş prinsipi və siqnalların mənası barədə sürücülərə məlumat verilir. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) açıqlamasına görə, maarifləndirmə tədbirləri davam edir, hərəkət istiqamətləri ilə bağlı zəruri bilgilər sürücülərin diqqətinə çatdırılır.
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, sürücülərin sistemə alışması üçün müəyyən vaxt və əlavə məlumatlandırma işi tələb olunur. Onun sözlərinə görə, bu işıqforlar Bakıda ilk dəfə tətbiq ediləcək və yol hərəkətinin iştirakçıları indiyədək belə siqnallarla qarşılaşmayıblar. Buna görə həm avtobus sürücüləri, həm də digər nəqliyyat vasitələrini idarə edənlər sistem barədə ətraflı məlumatlandırılmalıdır. Cəfərov bu istiqamətdə hazırda iş aparıldığını qeyd edib.
Ekspert vurğulayıb ki, beynəlxalq təcrübədə avtobuslar üçün bu tip işıqforlardan istifadə olunur və onların tətbiqi ölkə qanunvericiliyində də nəzərdə tutulub. O, sistemin səmərəli işləməsi üçün işıqforların yolun xüsusiyyətlərinə uyğun yerləşdirilməsini və digər nəqliyyat axınları ilə düzgün əlaqələndirilməsini vacib sayıb.
Cəfərov yeni işıqforların yol hərəkətinin təhlükəsizliyinə töhfə verəcəyinə ümid etdiyini bildirib.