QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 25-də gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib və yüngül konstruksiyalı tikililərdən kənar durmağı tövsiyə edib.
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, həmin gün ölkə ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında güclü külək, ayrı-ayrı yerlərdə intensiv yağış və şimşək gözlənilir. Bəzi dağ çaylarında qısamüddətli sel və daşqınların baş verə biləcəyi bildirilir.
FHN güclü külək zamanı müvəqqəti və yüngül konstruksiyalı tikililərin, binaların və reklam lövhələrinin yaxınlığında dayanmamağı, elektrik dirəkləri və naqillərindən, eləcə də hündür ağaclardan uzaq durmağı məsləhət görüb. Küləyin yanğınların söndürülməsini çətinləşdirə biləcəyinə görə, yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməsi istənilib. Kiçikhəcmli gəmi istifadəçilərinə isə bu hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.
İntensiv yağışın çaylarda sel və daşqına, eləcə də subasmaya səbəb ola biləcəyi nəzərə alınaraq, təhlükəli sahələrdən uzaq durmaq tövsiyə olunub. Təhlükə yarandıqda yaxınlıqdakı yüksək yerə qalxmaq, xilasedicilərin göstəriş və tövsiyələrini yerinə yetirmək lazımdır.
Nazirlik ildırım çaxarkən elektrik cihazlarının şəbəkədən ayrılmasını və telefonla danışılmamasını da tövsiyə edib. Açıq havada elektrik xətlərinə, ildırımötürücülərə, navalçalara və antenalara yaxınlaşmaq, hündür ağacların altında gizlənmək olmaz. Avtomobildə olanlar hərəkəti dayandırmalı, şüşələri bağlamalı və ildırımın keçməsini gözləməlidirlər.