QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, deputat Aydın Hüseynov Milli Məclisin plenar iclasında Qaradağ rayonunun Ələt qəsəbəsində görülən layihələrdən danışıb. O bildirib ki, müzakirə olunan qanun layihəsinin qəbul edilərək qüvvəyə minməsi sakinlərdə əmlaklarına görə ədalətli kompensasiya alacaqlarına inam yaradıb. Hüseynovun sözlərinə görə, əmlakın dövlət ehtiyacları üçün alınması həm vətəndaşların hüquqlarını qorumağa, həm də dövlət maraqlarını təmin etməyə imkan verəcək.
Deputat Bakının və ətraf qəsəbələrin sürətlə genişləndiyini qeyd edib. Onun fikrincə, dövlət layihələri və infrastrukturun inkişafı nəticəsində gələcəkdə dövlət ehtiyacları üçün ayrılacaq torpaq sahələrinin həcmi arta bilər. Bu səbəbdən Hüseynov Qaradağ rayonu da daxil olmaqla, paytaxtın ətraf əraziləri üçün baş plan hazırlanmasını təklif edib.
Hüseynov bildirib ki, baş planın təsdiqi mülkiyyət məsələləri həll edilərkən həm dəmir yollarını, həm qanunda nəzərdə tutulan digər dövlət ehtiyaclarını, həm də gələcəkdə tikilməsi zəruri ola biləcək sosial və infrastruktur obyektlərini nəzərə almağa şərait yaradacaq. Belə obyektlərə məktəblər, yaşıllıq sahələri, uşaq meydançaları və xəstəxanalar daxildir.
Çıxışında nəqliyyat məsələsinə də toxunan deputat Bakı ilə Ələt arasında sürət qatarlarının istifadəyə verilməsini məqsədəuyğun sayıb. O, bu təşəbbüsün ekologiya, iqtisadiyyat və turizm üçün faydalı olacağını, vətəndaşlara göstərilən nəqliyyat xidmətinin səviyyəsinə də əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.