QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov vəzifəli şəxslərin əmlak bəyannaməsini əvvəlcədən təqdim etməsini müsbət addım kimi qiymətləndirib. O, bu fikirləri parlamentdə “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Novruzovun sözlərinə görə, layihədə bəyannamənin öncədən açıqlanmasının nəzərdə tutulması düzgün yanaşmadır. O qeyd edib ki, korrupsiyaya qarşı mübarizə çərçivəsində bəzi məmurlar məsuliyyətə cəlb olunur, qanunsuz yolla əldə etdikləri vəsaitləri isə ailə üzvlərinin, qohumlarının və yaxınlarının adına keçirirlər. Deputat belə şəxslərin öz adlarına heç bir əmlak, hətta yaşayış evi olmadığını deyərək, bunun cəmiyyətdə narazılıq yaratdığını bildirib.

Deputat əlavə edib ki, sərvətin keçmişdən, o cümlədən babadan qaldığını iddia edənlər olur. Onun sözlərinə görə, bəzi hallarda həmin şəxsin babasının varlı olub-olmadığı araşdırıldıqda iddianın əsassız olduğu görünür. Novruzov hesab edir ki, bəyannamələrin əvvəlcədən təqdim edilməsi var-dövlətin mənbəyini aydınlaşdıracaq.

O, qanunun ədalətsiz sahibkarlığın da qarşısını ala biləcəyini vurğulayıb. Novruzovun fikrincə, qanunsuz vəsait hesabına ticarət, tikinti, fermerlik və başqa sahələrdə fəaliyyət göstərənlər kiçik və orta sahibkarlar üçün qeyri-bərabər rəqabət şəraiti yaradır.

Deputat bildirib ki, kiçik və orta sahibkarlıqla məşğul olanlar iş qurmaq üçün banklardan 23-24 faizlə kredit götürür, çətinliklərə baxmayaraq fəaliyyətlərini davam etdirir, məhsullarını isə bəzən maya dəyərindən aşağı qiymətə satmalı olurlar. O, qeyri-qanuni pul mənbələrinin rəqabətdə üstünlük yaratdığını qeyd edib.

Novruzovun sözlərinə görə, bu vəziyyət minlərlə insanın, xüsusilə kənd sakinlərinin biznes qurmaq imkanlarını məhdudlaşdırır. O, qanun qəbul ediləcəyi təqdirdə ədalətsiz rəqabətin aradan qaldırılmasının vacibliyini vurğulayıb.