QafqazNews Sputnik-a istinadən xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maki Boçorişvili 24 noyabrda rəsmi səfər çərçivəsində Bakıya gələcək və səfəri zamanı ölkə prezidenti İlham Əliyev, baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və öz həmkarı Ceyhun Bayramov ilə görüşəcək.

Gürcüstanın Azərbaycandakı səfiri Georgi Zakarashvili bildirib ki, səfərin əsas mövzusu iki ölkə arasındakı strateji tərəfdaşlığın nəticələrinin yekunlaşdırılması olacaq. Görüşlərdə ötən il ərzində əldə edilən nailiyyətlər, gələcək planlar, iki ölkə münasibətlərində aktual məsələlər, regional vəziyyət və qlobal siyasətin yaratdığı çağırışlar müzakirə ediləcək.

Zakarashvilinin sözlərinə görə, Boçorişvili həmçinin Orta dəhlizin perspektivlərini müzakirə edəcək. Azərbaycan Gürcüstanın Orta dəhlizə qoşulmasının təşəbbüsçülərindən biri olub.

Gürcüstan və Azərbaycan 18 noyabr 1992-ci ildə diplomatik əlaqələr qurublar. Hər iki ölkə strateji tərəfdaşdır və ikitərəfli formatda, eləcə də beynəlxalq layihələr çərçivəsində fəal əməkdaşlıq edir.

Xüsusi ilə region üçün strateji əhəmiyyət daşıyan Bakı–Tbilisi–Kars dəmiryolu, Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələrə toxunulur. Bundan başqa, iki ölkə Qara dəniz vasitəsilə Azərbaycanı Gürcüstan ərazisi ilə Avropaya birləşdirəcək yeni sualtı kabelin çəkilməsi layihəsində də əməkdaşlıq edir.