QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Litva, Latviya və Estoniyanın hava məkanında naməlum pilotsuz uçuş aparatlarının görünməsi gecə saatlarında təhlükəsizlik həyəcanına səbəb olub.

Noyabrın 11-nə keçən gecə Baltikyanı ölkələrin bir neçə bölgəsində yaşayanlara sığınacaqlarda və başqa mühafizə olunan məkanlarda qalmaq tövsiyə olunub. Hava hədəfini izləmək və müşayiət etmək üçün NATO qırıcıları havaya qaldırılıb.

İlk xəbərdarlıq Litvada verilib. Ölkənin Böhran Vəziyyətlərinin İdarə Edilməsi üzrə Milli Mərkəzi (NKVC) ərazinin böyük hissəsində hava təhlükəsi elan edib.

Kaunas şəhərində PUA-nın və NATO qırıcılarının müşahidə olunduğu bildirilib. Daha sonra NKVC pilotsuz aparatın Litvanın hava məkanını tərk etdiyini açıqlayıb.

Hədəfin izlənməsi bundan sonra Latviya ərazisində davam edib. Əvvəlcə ölkənin şərqində, ardınca cənub və şimal bölgələrində hava təhlükəsi barədə xəbərdarlıqlar verilib.

Latviyada həyəcan siqnalı dayandırıldıqdan sonra PUA-nın hərəkəti Estoniyada izlənib. Estoniyanın cənubunda, eləcə də şimaldakı iki rayonda sakinlər təhlükə barədə məlumatlandırılıb.

Bir qədər sonra hər üç ölkənin aidiyyəti qurumları təhlükənin sovuşduğunu açıqlayıblar. Hadisə zamanı pilotsuz uçuş aparatının vurulması və ya başqa üsulla məhv edilməsi barədə məlumat verilməyib.