QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Ombudsman Səbinə Əliyeva 2027-ci ilin dövlət büdcəsində sosial xidmətlər, səhiyyə və təhsil sahələri üzrə maliyyənin artırılmasını təklif edib.
O, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib. Əliyevanın sözlərinə görə, büdcə müzakirələri strateji vəzifələrin icrası üçün tələb olunan maliyyə imkanlarının qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.
Ombudsmana daxil olan müraciətlərin təhlili və monitorinqlərin nəticələrinə əsaslanan təkliflər arasında ahıl şəxslər üçün evdə sosial xidmətlərin genişləndirilməsi, regionlarda səyyar xidmətlərin inkişafı, eləcə də uzunmüddətli qulluğun kadr və texniki təminatının yaxşılaşdırılması yer alıb.
Əliyeva regionlarda tibbi və sosial reabilitasiya imkanlarının artırılmasını, əlilliyi olan şəxslərin, o cümlədən uşaqların protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə fərdi ehtiyaclarına uyğun, vaxtında təmin edilməsini də təklif edib.
O, həmçinin regionlarda tibbi infrastrukturun və ixtisaslı kadr təminatının gücləndirilməsini, hemofiliyalı şəxslər üçün dərmanların fasiləsiz əlçatanlığını, təcili hallar üçün ehtiyatların yaradılmasını vacib sayıb. Onkoloji xəstələrin müasir müalicə üsullarına və innovativ şişəleyhinə dərmanlara çıxışının yaxşılaşdırılması, diaqnostika və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün də əlavə vəsait ayrılması təklif olunub.
Ombudsman səhiyyədə süni intellektə əsaslanan diaqnostika və klinik qərar dəstəyi texnologiyalarının təhlükəsiz, mərhələli tətbiqinə dair tədbirlərin büdcədə nəzərə alınmasını istəyib. Bu yanaşmanın xüsusilə regionlarda xəstəliklərin erkən aşkarlanmasına və ixtisaslaşmış tibbi xidmətlərin keyfiyyətinə töhfə verəcəyi bildirilib.
Uşaqların hüquqlarının qorunması və təhlükəsiz, sağlam mühitdə inkişafı, həmçinin keyfiyyətli təhsilə bərabər çıxış imkanlarının genişləndirilməsi də təkliflər sırasındadır. Əliyeva inklüziv təhsil üçün müəssisələrin uyğunlaşdırılmasına, fərdi dəstək xidmətlərinin təşkilinə və ixtisaslı mütəxəssislərin təminatına maliyyə ayrılmasını irəli sürüb.
Bundan başqa, uşaqların kibertəhdidlərdən, onlayn zorakılıqdan və şəxsi məlumatlarının qanunsuz istifadəsindən qorunmasına yönələn maarifləndirmə proqramlarının maliyyələşdirilməsinin artırılması təklif edilib.