QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ-nin Cənubi Karolina ştatında itkin düşən 11 aylıq körpə meşəlik ərazidə torpağın altından sağ çıxarılıb. Axtarış zamanı torpağa basdırılmış qəfəsdən gələn ağlama səsi onun yerini müəyyən etməyə kömək edib.
Atası Maykl Komer tərəfindən qaçırıldığı bildirilən Koah Şarpın tapılması üçün polis, Federal Təhqiqatlar Bürosu (FTB) və digər federal qurumların iştirakı ilə geniş axtarış aparılıb. Leksinqton dairəsinin şerifi Brayan Kunun sözlərinə görə, təxminən 100 nəfərlik qrup şübhəlinin evinin yaxınlığındakı meşədə təzə qazılmış sahə aşkar edib.
Axtarış iştirakçıları torpağı qazarkən körpə ağlamasına bənzər səs eşidiblər. Qazıntını həmin istiqamətdə davam etdirən əməkdaşlar dəsmala bükülmüş it qəfəsindəki körpəni sağ vəziyyətdə tapıblar.
Şerif bildirib ki, dəsmal qəfəsin içində hava boşluğu yaradıb. Ehtimala görə, bu, Koah Şarpa torpaq altında təxminən 24 saat sağ qalmağa imkan verib.
Xəstəxanaya çatdırılan körpənin müalicəsi davam edir və səhhətində yaxşılaşma olduğu qeyd olunur.
Maykl Komer bazar ertəsi axşamı başqa bir oğurluq ittihamı ilə saxlanılıb. Hüquq-mühafizə orqanları və rayon prokurorluğu ona qarşı hadisə ilə əlaqədar əlavə ittihamların irəli sürülməsi məsələsini araşdırır.