QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli danışıqlarda Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Rusiya nümayəndə heyətinin üzvü Dmitri Minayevlə bir masa arxasında oturub. Ukrayna kəşfiyyatının məlumatına əsasən, Minayev 2019-cu ildə Budanova qarşı sui-qəsd cəhdinin təşkilatçısı olub.

İki gün davam edən müzakirələr müharibənin başa çatdırılması məsələsinə həsr olunub. Görüş Əbu-Dabidəki beşulduzlu “Emirates Palace Mandarin Oriental” hotelində keçirilib.

Minayev Rusiya Federal Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat qurumuna rəhbərlik edir və danışıqlarda Rusiyanın nümayəndə heyətində yer alıb. “Le Monde” jurnalistlərinin müşahidəsinə görə, Budanov qarşı tərəfin nümayəndəsi ilə görüşdə vəziyyətə istehza ilə yanaşırmış kimi görünürdü.