QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi yeni iş imkanları yarada bilər. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rəhbərlik etdiyi komitənin bugünkü iclasında danışıb.

Quliyevin sözlərinə görə, saatla müəyyən edilən minimum əməkhaqqı kənd təsərrüfatı, yaşayış, turizm, məişət və daşıma xidmətləri, eləcə də İT sahəsində işçilərə ödəniş zamanı bərabər və ədalətli yanaşma yarada bilər.

O qeyd edib ki, belə sistem azyaşlı uşaqları olan qadınların, tələbələrin və pensiyaçıların əmək bazarına çıxışını təşviq edə, həmçinin qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə xidmət edən sosial vasitə ola bilər. Saatlıq əməkhaqqının minimum həddi, həmçinin, minimum əməkhaqqının bir saatlıq məbləğindən aşağı müəyyən edilə bilməz.

Musa Quliyev bildirib ki, saatlıq əməkhaqqı tətbiq ediləcək iqtisadi fəaliyyət sahələrinin siyahısını Nazirlər Kabineti müəyyənləşdirəcək.

Onun sözlərinə görə, əmək müqaviləsi bir aydan qısa müddətə bağlanarsa və ya həftəlik iş saatı 20-ni keçməzsə, əməkhaqqı saatlıq sistemlə hesablanacaq.