QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Antalyada COP31 çərçivəsində Bolqarıstanın energetika naziri İva Petrova ilə görüşüb. Tərəflər təbii qaz sahəsində əməkdaşlığı və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” Yaşıl Enerji Dəhlizinin inkişafını müzakirə ediblər.

Görüşdə dəhliz üzrə birgə müəssisənin yaradılması, eləcə də layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına başlanması məsələləri nəzərdən keçirilib. Qeyd olunub ki, layihə yeni bərpa olunan enerji güclərinin yaradılmasına, Azərbaycanda istehsal edilən elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına çatdırılmasına şərait yarada bilər. Avropa şirkətlərinin layihələrə qoşulması, maliyyə təminatı və texnoloji əməkdaşlıq imkanları da müzakirə olunub.

Pərviz Şahbazov Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə də ikitərəfli görüş keçirib. Söhbət zamanı COP29-un enerji təşəbbüslərinin hazırlanmasında IEA-nın göstərdiyi dəstək yüksək qiymətləndirilib.

Tərəflər enerji keçidində elektrikləşmənin artan əhəmiyyətini, bu sahədə Azərbaycanla IEA arasındakı əməkdaşlığı və əvvəlki birgə fəaliyyətin yeni prioritetlərə uyğun yenidən nəzərdən keçirilməsi imkanlarını müzakirə ediblər. Enerji təhlükəsizliyində təbii qazın rolu və yaşıl enerji dəhlizlərinin elektrikləşməni genişləndirmək üçün yaratdığı imkanlar da gündəmdə olub. Azərbaycanın elektrikləşmə gündəliyi üzrə IEA ilə dialoq və texniki əməkdaşlığın davam etdirilməsi məsələlərinə baxılıb.