QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda minimum saatlıq əməkhaqqı sisteminin ilk olaraq hansı sahələrdə tətbiq ediləcəyi açıqlanıb. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.
Onun sözlərinə görə, sistemin tətbiqi mərhələlərlə həyata keçiriləcək və 2027-ci ildə başlanması nəzərdə tutulur. Məqsəd müasir məşğulluq imkanlarını genişləndirməklə yanaşı, işçilərin əmək və sosial təminat hüquqlarını daha etibarlı qorumaqdır.
Zaur Əliyev əmək bazarında qısamüddətli müqavilələrin, natamam iş vaxtının və bəzi sahələrdə çevik məşğulluq formalarının mövcudluğunun minimum əməkhaqqının tənzimlənməsinə ehtiyac yaratdığını qeyd edib.
Qanun layihəsinə əsasən, bir aydan az müddətə bağlanan əmək müqavilələri, eləcə də həftədə 20 saat və ya daha az iş vaxtı nəzərdə tutulan işlər üçün saatlıq ödəniş sisteminin tətbiqi təklif olunur. Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqı əsasında hesablanması və saatlıq tarif maaşından yüksək müəyyənləşdirilməsi nəzərdə tutulur.
İlkin mərhələdə sistem kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrini əhatə edəcək. Nazir müavini bildirib ki, sonrakı dövrdə tətbiq digər fəaliyyət sahələrinə də şamil oluna bilər.
Əliyevin sözlərinə görə, dəyişiklik minimum əməkhaqqı mexanizminin daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarının şəffaflığının artırılmasına və beynəlxalq təcrübədəki yanaşmaların ölkədə istifadəsinə imkan verəcək.