QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Elektron ticarət haqqında” qanuna dəyişikliklər nəzərdə tutan layihə birinci oxunuşda qəbul olunub.
Təklif olunan yeniliklər qanunun tətbiq dairəsinin genişləndirilməsini hədəfləyir. Layihə ilə qanunun yalnız Azərbaycan ərazisində aparılan elektron ticarətə şamil edilməsini nəzərdə tutan məhdudiyyət aradan qaldırılır.
Sənəddə “texnoloji neytrallıq” anlayışının və bu prinsiplə bağlı müddəanın qanuna əlavə edilməsi, eləcə də “POS-terminal” anlayışının dəqiqləşdirilərək mövcud təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur. Ödənişlərin icrası ilə əlaqəli müddəalar da yenilənəcək, elektron ticarətdə ödəniş üsullarının təkmilləşdirilməsi ilə bağlı uyğunlaşdırıcı dəyişikliklər ediləcək.
Dəyişikliklər 22 iyul 2022-ci ildə Prezidentin sərəncamı ilə təsdiqlənmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında müəyyənləşdirilən vəzifələrlə əlaqəlidir. Planda elektron ticarətin normativ hüquqi bazasının təkmilləşdirilməsi, maneələrin aradan qaldırılması və qanunsuz ticarət əməliyyatlarının azaldılmasının təşviqi yer alır.