QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Salyanın Düzənlik kəndində rayon rəhbərliyinin sakinlərlə səyyar qəbulu keçirilib.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov kənd ümumi orta məktəbinin binasında keçirilən görüşdə sakinlərin təklif və müraciətləri ilə tanış olub, mövcud problemləri yerində araşdırıb. Qəbulun məqsədi məsələlərin həllini sürətləndirmək olub.
Xəlilov son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlərdən danışıb. Onun sözlərinə görə, dövlət başçısının diqqəti ilə görülən işlər əhalinin rifahının və həyat səviyyəsinin yüksəldilməsinə yönəlib.
Görüşdə vətəndaş məmnuniyyətinin rayon rəhbərliyinin əsas prioritetlərindən olduğu bildirilib. Belə qəbulların sakinlərin problemlərinin operativ həllinə və yerli icra strukturları ilə əhali arasında qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yaratdığı qeyd edilib.
Bəzi müraciətlərlə bağlı dərhal tədbir görülməsi üçün tapşırıqlar verilib. Əlavə araşdırma tələb edən məsələlər nəzarətə götürülüb, onların icrasının mütəmadi izlənəcəyi bildirilib.