QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Ermənistan parlamentində 44 günlük müharibə zamanı baş verənlərlə bağlı yeni iddialar səsləndirilib. Mərkəzi Bankın İdarə Heyətinə üzv namizədinin müzakirəsində çıxış edən Edqar Kazaryan Şuşadakı pul anbarının, inkassator maşınlarının hərəkətinin və vəsaitlərin taleyinin araşdırılmasını tələb edib.

Kazaryan həmin vaxt Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olan Arqişti Kyaramyanın müharibə günlərində Qarabağda olmasını da gündəmə gətirib. O bildirib ki, fövqəladə hərbi vəziyyətdə təhlükəsizlik qurumunun rəhbəri komanda məntəqəsində olmalı idi. Kyaramyan sonradan vəzifədən çıxarılsa da, Qarabağda qalıb. Kazaryanın fikrincə, bu məsələ indiyədək ətraflı izah edilməyib.

Siyasətçinin digər iddiası Şuşadakı Mərkəzi Bank anbarına aiddir. Onun sözlərinə görə, Qarabağda Ermənistan dramı istifadə olunduğu üçün Şuşada pul dövriyyəsinin işləməsini təmin edən xüsusi anbar fəaliyyət göstərib.

Kazaryan müharibə vaxtı Şuşa istiqamətində inkassator avtomobillərinin görüntüləndiyini, yolun ayrı-ayrı sahələrində isə həlak olmuş hərbçilərin cəsədlərinin tapıldığını xatırladıb. O, həmin hadisələrin araşdırılmasını və bu günlərdə anbardan böyük miqdarda nağd pulun çıxarılıb-çıxarılmadığının müəyyən edilməsini istəyib.

Kazaryan müharibədən sonra Ermənistan dramının dollar qarşısındakı məzənnəsindəki dəyişikliklərə də toxunaraq, həmin dövrdə aparılmış maliyyə əməliyyatlarının araşdırılmasının vacibliyini qeyd edib. Onun qənaətinə görə, müharibənin iqtisadi və maliyyə tərəfləri aydınlaşdırılmadan o günlərdə baş verənlərin tam mənzərəsini müəyyənləşdirmək mümkün deyil.