QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, kifayət qədər yatmaq və dincəlmək hər zaman yorğunluğun qarşısını almır. Psixoloq İlhamə Mustafayevanın sözlərinə görə, belə hallarda səbəb fiziki deyil, zehni yorğunluq ola bilər.

Mustafayeva bildirib ki, fiziki yorğunluq iş, idman və ya uzun yolçuluqdan sonra əzələlərdə ağırlıq və ağrı kimi hiss edilir. Zehni yorğunluq isə diqqətin və sinir sisteminin yüklənməsi ilə bağlıdır. Bu hal insanın uzun müddət bir fikir, problem, sual və ya yaşadığı hadisənin mənası üzərində düşünməsi nəticəsində yarana bilər.

Psixoloq qeyd edib ki, 7-8 saat yatmasına baxmayaraq insan yenə yorğun oyana bilər. Burada yuxunun müddəti ilə yanaşı keyfiyyəti də əhəmiyyət daşıyır. Melatonin hormonunun ifraz olunduğu qaranlıq saatlarda yatmaq, səhər tezdən oyanaraq günəş işığı almaq bioloji ritmin qorunmasına kömək edir. Bəzi hallarda 10 saat yatmaq belə həmin ritmin pozulduğuna işarə edə bilər. Gecə narahatedici yuxular görmək və ya şüuraltının aktiv qalması da səhər yorğunluq yarada bilər.

Mustafayevanın sözlərinə görə, beyin daim “hazırlıq vəziyyətində” qalanda bu, çox vaxt həyəcan-təşviş pozuntusu ilə əlaqəli olur. Belə vəziyyətdə beyin “qaç və ya savaş” rejimində işləyir. Psixika real təhlükə ilə imtahan, işdə yarana biləcək çətinlik və ya gələcəklə bağlı narahatlıq kimi ehtimalları eyni cür qavraya bilər.

Həllini gözləyən suallar və narahatlıqlar barədə davamlı düşünmək enerji və hormon ehtiyatlarını azaldır, yuxuya da mənfi təsir göstərir. Psixoloq bildirib ki, gün ərzində təşvişə sərf olunan kortizol səhər oyanmağa lazım olan səviyyədə qalmaya bilər. Bu hormon səhər oyanmağa kömək edir.

Dincəlməyin mümkün olmadığını bədəndə yaranan əlamətlər də göstərə bilər. İnsan istirahətdə olsa belə, düşüncələr dayanmadıqda beldə, boyunda və başda küt ağrılar, çiyin və kürəkdə sıxılma, əlləri sıxmaq, ürəkdöyünmə, tərləmə və ya üşümə yarana bilər. Rahatlıq zamanı bədən boşalır, gərginlik davam etdikdə isə sıxılmış vəziyyətdə qalır.

Zehni yükü azaltmaq üçün təbiətdə vaxt keçirmək, dəniz kənarına, bağa və ya parka getmək faydalı ola bilər. Mustafayeva evdə dərindən nəfəs almağı, nəfəsi qısa müddət saxlamağı və nəfəsə diqqət yetirməyi də tövsiyə edib. Bu üsullar bədənin təhlükə rejimindən çıxmasına kömək edir.

Psixoloq, həmçinin anda qalmağı və narahatlıq doğuran məsələ barədə gün ərzində fasiləsiz düşünməkdənsə, ona xüsusi vaxt ayırmağı məsləhət görüb. Üz, əl, qol, kürək və digər əzələləri növbə ilə sıxıb boşaltmaq da gərginliyi azalda bilər. Fiziki hərəkət üçün idman zalına getmək vacib deyil: parkda və ya evin yaxınlığında gəzmək, ev və ofis işləri görmək, yemək bişirmək də rahatlamağa yardım edir.