QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, ABŞ-nin Cənubi Karolina ştatında it qəfəsinə qoyularaq torpağa basdırılan 11 aylıq körpə sağ çıxarılıb. Hadisə bazar ertəsi baş verib.

25 yaşlı Maykl Komer nənəsi qısa müddətə evdən ayrılan vaxt oğlu Koah Şarpı götürüb və onunla birlikdə yoxa çıxıb. Ailə ata və uşaqdan xəbər ala bilmədiyindən babanın yaşadığı evin ətrafındakı meşədə axtarış təşkil edib. Axtarışlara 100 nəfərlik qrup qatılıb.

Xilasedicilər meşədə təzə qazılmış torpaq sahəsi aşkarlayıb. Körpənin ağlama səsini eşidən qrup onu torpağın altından çıxarıb.

Məlumata əsasən, qəfəsin üzərinə örtülmüş dəsmal torpaq altında kiçik hava boşluğu yaradıb. Sərin hava şəraitinin də təsiri ilə körpə 24 saat sağ qala bilib.

Xəstəxanada müayinədən keçirilən uşaq daha sonra ailəsinə təhvil verilib. Atası Maykl Komer adam öldürməyə cəhd və uşağa qarşı qanunsuz davranış ittihamları ilə həbs olunub.