QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, amerikalı əfqan fotoqraf Daniel Malikyar Əfqanıstanın ucqar dağ kəndlərindən birində gənclərin yaratdığı fərqli geyim üslubunu araşdırıb. Onların obrazları nüfuzlu moda jurnallarının diqqətini cəlb edə biləcək səviyyədədir.

Kənd sakinləri gözlərinə rəngli sürmə çəkir, dırnaqlarını xına ilə bəzəyir, naxışlı geyimlər seçirlər. Baş geyimlərini isə gül və kəpənək formasında saç sancaqları ilə tamamlayırlar. Bu görünüşlər yalnız xüsusi tədbirlərdə və ya kamera qarşısında deyil, gənclərin gündəlik həyatında da yer alır.

Kənddə internetə çıxış olmadığından, gənclərin dünyadakı moda meyillərindən, sosial şəbəkələrdə yayılan üslublardan və geniş yayılmış dəb nümunələrindən xəbərləri yoxdur. Onlar öz tərzlərini müstəqil şəkildə qurur, rənglər, aksessuarlar və geyim elementləri üzərində sınaqlar aparırlar. Gözəllik və zövq barədə hər birinin özünəməxsus təsəvvürü var.

Daniel Malikyar kəndə bir neçə dəfə səfər edib, sakinlərlə danışıb və onları fotoşəkillərə çəkib. Fotoqrafın silsilə işi gənclərin fərqli geyimlərinə, şəxsi zövqlərinə və xarici görünüşləri ilə sərbəst şəkildə eksperiment aparmaq imkanına həsr olunub.