QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyası (NTK) yeni tərkibdə ilk toplantısını keçirib.
İclasın əvvəlində komissiya üzvü Rey Kərimoğlu gündəlikdəki məsələləri açıqlayıb. O xatırladıb ki, ölkə jurnalistlərinin oktyabrın 16-da baş tutan IX qurultayında NTK-ya beş nəfər seçilib. Şura Nizamnaməsinin tələbinə uyğun olaraq komissiyanın sədri və katibi müəyyən edilməli idi.
Müzakirələrin yekununda Rey Kərimoğlu yenidən sədr, Nadir İsmayılov isə katib vəzifəsinə seçilib.
Komissiya üzvləri qurultayın iştirakçılarına göstərdikləri etimada görə minnətdarlıqlarını ifadə ediblər. Onlar Şuranın növbəti dörd ildə iş yükünün yüksək olacağını gözlədiklərini bildirərək, NTK-nın bu tempə uyğun çalışmasının vacibliyini qeyd edib və təkliflərini bölüşüblər.
NTK-nın tərkibində sədr Rey Kərimoğlu və katib Nadir İsmayılovla yanaşı, “Vətən səsi” qəzetinin baş redaktoru, əməkdar jurnalist Elşən Əliyev, “Yeni Müsavat” qəzetinin direktoru Ələsgər Süleymanov və Crossmedia.az Analitik İnformasiya Portalının baş redaktoru Mübariz Göyüşlü yer alır.