QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakının “Şamaxinka” adlanan ərazisində sərnişin və nəqliyyat sıxlığının aradan qaldırılması üçün avtobus dayanacaqlarının dəyişdirilməsi ilə yanaşı, daha geniş infrastruktur tədbirlərinə ehtiyac var. Təkliflər arasında yaxınlıqdakı beşmərtəbəli və doqquzmərtəbəli binaların sökülməsi də yer alır.
“Şamaxinka” və “20 Yanvar” metrostansiyasının ətrafı paytaxtın əsas nəqliyyat qovşaqlarındandır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bildirdiyinə görə, noyabrın 2-dən 102, 130, 142 və 159 nömrəli avtobuslar Moskva prospektində, 14 saylı notariat ofisinin yanında yerləşən dayanacaqdan çıxarılıb. Sərnişinlər başqa dayanacaqlara yönəldilib. Daha əvvəl 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutların avtobusları da həmin dayanacaqdan götürülmüşdü.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev qeyd edib ki, avtomobil axınının ən yüksək olduğu istiqamət Sumqayıtdan Bakıya doğrudur. Onun sözlərinə görə, şəhərin, xüsusən də şimal tərəfdən girişində sıxlıq qalmaqdadır. Bakı, Xırdalan və Sumqayıtın Abşeronun ən sıx məskunlaşmış yaşayış məntəqələri olması bu istiqamətdə yükü artırır.
Ağamirzəyev bildirib ki, sərnişinlərin böyük hissəsini daşıya bilən ictimai nəqliyyatın intensiv işləməməsi insanları şəxsi avtomobillərdən və qanunsuz sərnişindaşıma xidmətlərindən istifadəyə yönəldir. Relsli nəqliyyatın yetərincə intensiv olmaması avtobuslara əlavə yük yaradır, çoxsaylı avtobusların bir nöqtədə toplanması isə sıxlığı dərinləşdirir.
Ekspert “Şamaxinka”dan “20 Yanvar” dairəsinə doğru piyada infrastrukturunun yaxşılaşdırılmasını, hərəkətə mane olan baryerlərin götürülməsini və dayanacaqların avtobus sayına uyğun qurulmasını vacib sayır. Eyni vaxtda bir neçə avtobusun gəldiyi yerlərdə uzun platformaların yaradılmasını, şərait imkan verərsə avtobusların iki, hətta üç cərgədə dayanmasının nəzərdən keçirilməsini təklif edir. Həmçinin “20 Yanvar” dairəsində piyada zolaqlı keçidlərin qurulması, səkilərin abadlaşdırılması və daha qısa piyada keçidlərinin yaradılması zəruri hesab olunur.
Ağamirzəyevin fikrincə, ərazidə qanunsuz sərnişindaşımanın qarşısı alınmalı, şəhərətrafı marşrutlardan gələnlər metroya və ya digər xətlərə asanlıqla keçə bilməlidirlər. Bu məqsədlə hasarların yenidən təşkili və məhəllə girişlərinin səki səviyyəsinə qaldırılması mümkündür. Uzunmüddətli tədbirlər sırasında Abşeron dairəvi dəmir yolunda qatarların 15-20 dəqiqəlik intervalla işləməsi də var. Bunun üçün yük və sərnişin daşımalarının ayrılması, rabitə və işarəvermə sistemləri ilə rəqəmsal dispetçer xidmətinin təkmilləşdirilməsi, qatar sayının artırılması təklif edilir.
Nəqliyyat eksperti Aslan Əsədov isə problemin əsas səbəbini nəqliyyat axınının düzgün bölüşdürülməməsində görür. O bildirib ki, “Şamaxinka” şəhərin əsas giriş-çıxış nöqtələrindən biridir və dairəvi yoldan gələn nəqliyyatın da buradan keçərək şəhərə daxil olması yükü artırır. Alı Mustafayev, Moskva prospekti, Müzəffər Həsənov, Asif Məhərrəmov və “20 Yanvar” küçələrindən eyni əraziyə yönələn avtomobillər hərəkətdə qarışıqlıq yaradır.
Əsədov avtomobil yollarının və avtobus zolaqlarının genişləndirilməsini, marşrutların hərəkət vaxtlarının təyinat istiqamətlərinə uyğunlaşdırılmasını təklif edib. Onun sözlərinə görə, Moskva prospektinin “Şamaxinka”dan “20 Yanvar” metrostansiyasına qədər olan hissəsinin, xüsusilə sağ tərəfinin təxminən dörd metr genişləndirilməsi mümkündür. Kinostudiya istiqamətində də oxşar işlərin görülə biləcəyini bildirən ekspert, prospektin hər iki tərəfindəki köməkçi yollarda sərbəst giriş-çıxışın təmin olunmasının əhəmiyyətini vurğulayıb. Bu, Tbilisi və Həsən bəy Zərdabi prospektlərinə, Salamzadə küçəsinə, eləcə də Asif Məhərrəmov, “20 Yanvar” və Mir Cəlal küçələrinə çıxışlar üçün vacibdir.
Əsədovun fikrincə, avtobusların dayanacaqda uzun müddət qalması əvəzinə sərnişinlər düşüb-minən kimi hərəkətə davam etməsi təmin olunmalıdır. Pik saatlarda axının tənzimlənməsi yalnız avtobuslarla məhdudlaşmamalı, taksilər üçün uzunluğu ən azı 10 metr olan xüsusi minib-düşmə sahələri yaradılmalıdır. O, əvvəllər sərnişindaşımada işlədilən kiçik və ortatutumlu avtobusların pik vaxtlarda axının bölüşdürülməsinə kömək etdiyini, həmin nəqliyyat vasitələrinin istifadədən çıxarılmasının isə sistemə əlavə yük gətirdiyini deyib.
Ekspert uzunmüddətli həll yolları kimi yeni yolların salınmasını, tramvay xətlərinin bərpasını, metro stansiyalarının artırılmasını və dəmir yolu şəbəkəsinin genişləndirilməsini sadalayıb. Bakıətrafı qəsəbələr arasında birbaşa avtobus xətlərinin yaradılmasının da vacib olduğunu bildirib. Hazırda bəzi qonşu qəsəbələr arasında belə əlaqə olmadığından sakinlər “20 Yanvar” dairəsinə gedib başqa nəqliyyata minməyə məcbur qalır, nəticədə şəhərin yükü artır.