QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Bakının Biləcəri qəsəbəsində uzun illər “Dəmir yol xəstəxanası” adı ilə tanınan tibb müəssisəsinin ərazisində söküntü aparıldığı bildirilir.
Söküntü ilə bağlı görüntülər redaksiyanın qaynar xəttinə göndərilib. Ərazidə görülən işlər sakinlərdə suallar yaradıb. Keçmiş xəstəxana binasının yerində yaşayış binası tikiləcəyi barədə iddialar da müzakirə olunur. Sakinlər sahənin gələcək təyinatı və söküntünün hansı qərara əsaslandığı ilə yanaşı, yeni tikilinin planlaşdırılıb-planlaşdırılmadığını öyrənmək istəyirlər.
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsindəki Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.
Qurbanovun sözlərinə görə, sərəncama əsasən, xəstəxananın ərazisində Nazirliyin tabeliyində olan Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə məxsus yeni infrastrukturun yaradılması planlaşdırılır. İnfrastrukturun qurulması və xidmətlərin təşkili barədə ictimaiyyətə mərhələli şəkildə məlumat veriləcək.