QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklə əməkhaqqı və digər ödənişlərin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, işçilərə ödənilən məbləğlər onların seçdiyi bank hesabına elektron ödəniş sistemi vasitəsilə köçürüləcək. Təklifin məqsədi əmək münasibətlərində qanunvericiliyə əməl olunmasına, əməkhaqlarının vaxtında və müəyyən edilmiş həcmdə verilməsinə nəzarəti gücləndirmək, eləcə də qeyri-formal məşğulluğun qarşısını almaqdır.
Dəyişikliyin qəbulundan sonra əməkhaqqı kartlarına edilən köçürmələr barədə məlumatların əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən quruma təqdim edilməsi planlaşdırılır. Bu məlumatların əmək münasibətlərində açıqlığı artıracağı, işçi hüquqlarının qorunmasına və ödənişlər üzərində nəzarətin yaxşılaşmasına kömək edəcəyi bildirilir.
Elektron mexanizm işəgötürənlərin maaşları tam və vaxtında ödəməsinə nəzarət imkanlarını genişləndirəcək. Bununla gecikmə, məbləğin azaldılması və ödənişin gizlədilməsi kimi pozuntuların aşkarlanması və aradan qaldırılması asanlaşacaq. Nəzarət qurumu əmək münasibətlərindəki uyğunsuzluqları daha tez müəyyən edib müvafiq tədbirlər görə biləcək.
Layihədə əməyin ödənişinin bütövlükdə elektronlaşdırılması, işəgötürənlərin ödənişlərin uçotu, hesablanması və köçürülməsi ilə bağlı iş yükünün azaldılması da nəzərdə tutulur. Gələcəkdə vergi orqanlarına təqdim edilən gəlir vergisi, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə bəyannamələrin əvəzinə aylıq məlumatlardan istifadə edilməsi, rüblük bəyannamələrə ehtiyacın aradan qalxması təklif olunur. Həmçinin elektron, proaktiv nəzarət mexanizminin qurulması nəzərdə tutulur.
Dəyişiklik qeyri-formal məşğulluğa qarşı tədbirlərin gücləndirilməsini və sığorta-pensiya sisteminə ödənilən MDSS haqlarının fərdi şəxsi hesablara avtomatik yönəldilməsini də əhatə edir. Ezamiyyət, məzuniyyət və əmək qabiliyyətinin itirilməsi hallarında orta aylıq əməkhaqqının avtomatik hesablanması, eləcə də vətəndaşların gəlir tarixçələrinə çıxış imkanının genişləndirilməsi planlaşdırılır.