QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakının Suraxanı rayonunda həyat yoldaşına xəsarət yetirən 50 yaşlı kişi barəsində cinayət təqibinə xitam verilib.
İstintaq materiallarında göstərilir ki, Yardımlı rayonunda yaşayan, 1976-cı il təvəllüdlü Vüqar ailə münaqişəsi zəminində həyat yoldaşı Aynurla (adlar şərtidir – red.) mübahisə edib. Mübahisənin səbəbi qadının kişinin ailə üzvləri barədə xoşagəlməz sözlər deməsi olub.
Sənədlərə əsasən, Vüqar şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qəsdən yumruqla Aynurun sağ qoluna zərbə endirib və ona bədən xəsarətləri yetirib. Ona Cinayət Məcəlləsinin 128-ci, qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.
Vüqar məhkəmədə ittihamı qəbul etdiyini, törətdiyi əmələ görə peşman olduğunu, zərəri ödədiyini və zərərçəkmişlə barışdığını bildirib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə cinayət təqibinə xitam verilib, təqsirləndirilən şəxs isə cinayət məsuliyyətindən azad olunub.