QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin Tehranın irəli sürdüyü tələbləri qəbul edəcəyi halda Hörmüz boğazının yenidən açılmasının mümkün olduğunu bildirib. O, bu fikirləri Oman Sultanlığına səfəri zamanı səsləndirib.

Əraqçinin sözlərinə görə, boğazın açılması mürəkkəb məsələ deyil və bunun üçün Vaşinqton İranın beynəlxalq hüquqa uyğun, məntiqli şərtləri ilə razılaşmalıdır. Nazir “Telegram” kanalında yazıb ki, yaranmış vəziyyətdən çıxış ABŞ-nin səhvlərini qəbul etməsi və əvvəlki öhdəliklərini yerinə yetirməsi ilə mümkündür.

O, həmçinin İran və Oman arasında Fars körfəzi bölgəsində yeni təhlükəsizlik mexanizmlərinin yaradılması mövzusunun müzakirə olunduğunu qeyd edib. Əraqçi regional məsələlər üzrə Omanla müntəzəm məsləhətləşmələr apardıqlarını, təhlükəsizlik strukturlarının qurulmasının isə xüsusi əhəmiyyət daşıdığını bildirib.

Nazir vurğulayıb ki, regionun təhlükəsizliyi daxili imkanlar hesabına təmin edilməlidir və bu istiqamətdə dialoq artıq başlayıb.