QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, məhkəmə bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyana üç il şərti həbs cəzası verib.
Katolikosun qardaşı oğlu Ambartsum Nersisyan 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilsə də, hökmün icrası təxirə salınıb. O, bir yaşlı qızı altı yaşına çatanadək həbs olunmayacaq.
Dövlət ittihamçısı daha əvvəl Gevork Nersisyanın 3 il 6 ay, Ambartsum Nersisyanın isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Gevork Nersisyan və oğlu 2025-ci il noyabrın 3-də saxlanılıblar. İstintaqın versiyasına görə, onlar noyabrın 1-də Vaqarşapat icmasının Voskeat kəndində təşviqat materialları yayan “Respublika” partiyasının nümayəndəsi Arutyun Mkrtçyanla mübahisə edib və onu təhqir ediblər.
Cinayət işi noyabrın 17-də məhkəməyə göndərilib. Müdafiə tərəfi isə müşahidə kameralarının görüntülərinə istinad edərək münaqişənin baş vermədiyini bildirib. Təqsirləndirilənlər 2026-cı ilin fevralında ev dustaqlığına, may ayında isə inzibati nəzarətə keçirilib.