QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Tehran Yaxın Şərqdəki qarşıdurmaların aradan qaldırılması və bölgədə sabitliyin yaradılması üçün Pekinin vasitəçiliyinə müsbət yanaşır.
Bu barədə İran parlamentinin sədri və İslam Respublikasının Çinlə münasibətlər üzrə xüsusi nümayəndəsi Məhəmməd Bağır Qalibaf danışıb. O, İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına töhfə verən Çin diplomatiyasının təcrübəsindən indiki regional problemlərin həllində yararlanmağı təklif edib.
Siyasi şərhçi Ramiyyə Məmmədova hesab edir ki, Pekinin bu prosesə yanaşması daha praqmatik görünür. Onun sözlərinə görə, Çinin İrandan aldığı enerji resursları ölkəyə ciddi dəstək verir. Bundan başqa, Səudiyyə Ərəbistanı ilə əlaqələrin normallaşdırılmasında Pekinin iştirakı İranın Çinə etimadını artırıb.
Məmmədova Çin diplomatiyasının balanslı xəttinin də ölkəni mümkün vasitəçi kimi cəlbedici etdiyini bildirib. O qeyd edib ki, Pekinin beynəlxalq siyasətdə və dünya iqtisadiyyatında çəkisi böyükdür. Çin, ekspertin fikrincə, Qərb və ABŞ-dan fərqli olaraq dövlətlərlə tarazlı münasibətlər qurur, siyasətini güc tətbiqi və təzyiq üzərindən aparmır.
Bununla belə, şərhçi Çinin praqmatik siyasətinə baxmayaraq, Yaxın Şərq münaqişəsini dayandırmaq imkanlarının məhdud olduğunu düşünür. Onun qənaətinə görə, Pekinin Qərbə iqtisadi təsiri əhəmiyyətli olsa da, diplomatik təsir imkanları o qədər geniş deyil.
Məmmədova bildirib ki, Çin iqtisadi vasitələrlə bölgədəki qarşıdurmanın zəifləməsinə kömək edə bilər, lakin İran-ABŞ münaqişəsinin tam sona çatmasına diplomatik və siyasi səviyyədə təsir göstərmək imkanına malik deyil.