QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İtaliya millisinin keçmiş müdafiəçisi Marko Materatsi 2006-cı il dünya çempionatının finalında Zinəddin Zidanla aralarında baş verən insidenti yenidən gündəmə gətirib.
O, bu barədə “La Gazzetta dello Sport”a verdiyi müsahibədə danışıb.
Materatsi İspaniyanın “Tenerife” klubunda çıxış edən Xesus de Miquelin ölümündən sonra həmin hadisəyə fərqli baxdığını söyləyib. 30 yaşlı hücumçu “Andorra” ilə qarşılaşmada rəqib qapıçı Xesus Ovononun müdaxiləsindən sonra ağır xəsarət alıb, daha sonra isə xəstəxanada vəfat edib.
“Xesus de Miquelin ölümü məni Allaha şükür etməyə vadar etdi ki, o vaxt mənim başıma ciddi hadisə gəlmədi. Həmin qapıçı ilə bağlı oyun epizodunda ehtiyatsızlıqdan ölüm məsələsi ortaya çıxıb. Görəsən, belə bir hadisə mənim başıma gəlsəydi, nə olardı?” – Materatsi deyib.
Keçmiş futbolçu Zidanla 2010-cu ildə Milanda görüşdüyü anı da yada salıb. Onun sözlərinə görə, “Milan” və “Real Madrid” arasında keçirilən oyundan əvvəl ikisi eyni mehmanxanada qalıb.
“Mourinyo ilə vidalaşıb hoteldən ayrılırdım. Zidan binanın arxa tərəfində maşınını saxlayırdı. Məni görəndə tərəddüd etdi, hətta geri dönmək istədi. Yaxınlaşıb əlini sıxdım və dedim: “Burada, yad gözlərdən uzaqda qarşılaşmağımıza sevindim”.
O isə “Narahat olma, belə şeylər olur, hər şey keçmişdə qalıb” dedi. Təəssüf ki, sonradan dediklərindən geri çəkildi və məni adi azarkeş hesab etdiyini söylədi”, – Materatsi bildirib.
2006-cı il dünya çempionatının finalında İtaliya və Fransa yığmaları qarşılaşıb. Əlavə vaxtda Materatsinin sinəsinə başı ilə zərbə vuran Zidan qırmızı vərəqə ilə cəzalandırılıb. Matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında 5:3 hesabı ilə üstün olan İtaliya dünya çempionu adını qazanıb.