QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Avstraliyanın Viktoriya ştatında düşərgə zamanı itkin düşmüş 17 yaşlı autizmli yeniyetmə altı gün sonra sağ tapılıb.
Uilyam Melburndan təxminən 180 kilometr şərqdə, meşəlik sahədə dostu ilə düşərgə qurarkən yoxa çıxıb. Gecə temperaturunun kəskin aşağı düşməsi onun təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.
Yeniyetməni tapmaq üçün geniş axtarış tədbirləri təşkil edilib. Əraziyə polis itləri, dalğıclar və helikopterlər cəlb olunub. Axtarışın altıncı günü, cümə axşamı səhər helikopterdən çəkilmiş görüntülərdə Uilyam müəyyən edilib. O, qayanın üstündə xilas olunmasını gözləyirmiş.
Xilasedicilər onu xüsusi qaldırıcı avadanlıq vasitəsilə təhlükəsiz yerə endiriblər. Su və qida qəbul etdikdən sonra xəstəxanaya aparılan yeniyetmənin daha sonra ailəsi ilə görüşdüyü və səhhətinin yaxşı olduğu bildirilib.
Uilyamın anası Elizabet Barkli oğlunun bədənində bir neçə sıyrıq olduğunu, lakin ciddi sağlamlıq problemi yaşamadığını deyib. O, zarafatla oğlunun bundan sonra evdən bir daha çıxmayacağını söyləyib.
Viktoriya polisi rəsmisi Ceyson Benbou yeniyetmənin sağ tapılmasına sevindiklərini bildirib. Benbou qeyd edib ki, axtarışların belə nəticələnməsi hər zaman mümkün olmur və Uilyamın başına gələnləri özündən eşitmək istəyirlər.