QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Nəsimi rayonunda yeni parkın salınması ilə bağlı işlərə başlanıldığı bildirilib.

28 May küçəsində 10 hektara qədər sahəni əhatə edəcək park layihəsində nəzərdə tutulan yeraltı avtomobil dayanacağının tikintisi artıq başlayıb.

Park 28 May küçəsində, “The Ritz-Carlton Baku” hotelinə qədər uzanan və əvvəllər Vaqon təmiri müəssisəsinin yerləşdiyi ərazidə salınacaq.

Layihəyə müxtəlif yaş qrupları üçün idman meydançaları, uşaq oyun sahələri və tennis meydançaları, eləcə də süni göllər, amfiteatr və su rezervuarları daxildir.

Ərazidə piyadaların təhlükəsiz hərəkəti üçün şərait yaradılacaq. Parkda keçid meydançaları və velosiped yolları salınacaq, dekorativ daşlardan və qranit örtükdən istifadə ediləcək.

Yeni parkın böyük hissəsində yaşıllıqlar salınacaq, ağac və kollar əkiləcək, həmçinin müxtəlif gül kompozisiyaları yaradılacaq.