QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 1947-ci ildə amerikalı general Corc Marşall İkinci Dünya müharibəsində döyüşmüş piyada bölmələrinin veteranları arasında sorğu keçirib. Araşdırmanın məqsədi döyüş zamanı hərbçi davranışını, psixoloji vəziyyəti və effektivliyi qiymətləndirmək olub.

Sorğuda iştirak edən ABŞ ordusunun piyada bölmələrindəki əsgər və zabitlərin dörddə birindən azının düşmənə atəş açdığı müəyyən edilib. Düşməni bilərəkdən nişan alanların göstəricisi isə cəmi 2 faiz olub. Hərbi aviasiyada da vurulan düşmən təyyarələrinin yarıdan çoxunun amerikalı pilotların 1 faizi tərəfindən məhv edildiyi iddia edilir.

Araşdırma müəlliflərinin qənaətinə görə, düşməni birbaşa görməyin mümkün olduğu piyada döyüşləri və qırıcıların hava qarşılaşmaları kimi hallarda hərbçilərin böyük bir hissəsi başqa insanı öldürməkdən psixoloji cəhətdən çəkinir. Bu yanaşmaya əsasən, düşmənə vurulan zərərin əsas payı azsaylı döyüşçülərin üzərinə düşür.

Düşmənlə üz-üzə gəlmədən aparılan döyüşlərdə fərqli mənzərənin olduğu bildirilir. Tank və artilleriya bölmələrinin, xüsusən bombardmançı aviasiyanın daha təsirli olduğu, birbaşa piyada qarşıdurmalarının isə ən aşağı nəticə verən döyüş növləri arasında yer aldığı qeyd olunur. Fərqin mümkün səbəbi insanın başqa bir insanı öldürməyə qarşı keçirdiyi daxili müqavimətlə izah edilir.

Döyüş qabiliyyətinə təsir edən amilləri araşdıran Pentaqonun hərbi psixoloqları hərbçilərin döyüşdən əvvəlki vəziyyətini də öyrəniblər. İddialara görə, əsgər və zabitlərin təxminən 25 faizi qorxu və kəskin stress nəticəsində sidik və ya nəcis ifrazına nəzarəti itirirdi.

“National Geographic”də İkinci Dünya müharibəsi veteranlarından birinin xatirəsi bu halın nümunəsi kimi təqdim olunub. O, Almaniyada ilk döyüşündən əvvəl qorxudan özünü islatdığını danışıb. Komandiri isə özünün də eyni vəziyyətə düşdüyünü deyərək bunun adi reaksiya olduğunu bildirib. Veteranın sözlərinə görə, bu reaksiyadan sonra qorxu zəifləyir və insan özünü daha yaxşı idarə edə bilir.

Mənbədə bu vəziyyətin İraq müharibəsi dövründə də ABŞ hərbçilərinin təxminən dörddə birində müşahidə olunduğu iddia edilir. Digər 25 faizə yaxın hərbçidə isə qısa müddətli hərəkət məhdudiyyəti yaranırdı: bəzilərinin əli, digərlərinin isə atəş açarkən istifadə etdikləri şəhadət barmağı hərəkətsiz qalırdı. Solaxaylarda bu hal silahı sol əllə işlədərkən ortaya çıxırdı.

Nasist Almaniyasının məğlubiyyətindən sonra ələ keçirilmiş Reyx arxivlərində alman əsgərlərinin də bənzər çətinliklər yaşadığına dair məlumatların olduğu bildirilir. Xüsusilə Şərq cəbhəsində atəş açmaq üçün istifadə edilən əl və barmaqlarda müvəqqəti hərəkətsizliyin geniş yayıldığı, bunun şəxsi heyətin təxminən 25 faizini əhatə etdiyi iddia olunur.

Pentaqonun sifarişi ilə araşdırma apardığı deyilən amerikalı psixoloqlar Sveng və Marşanın gəldiyi nəticəyə əsasən, bölmə 60 gün fasiləsiz döyüş əməliyyatlarında iştirak edərsə, hərbçilərin 98 faizi ağır psixoloji sarsıntı keçirə bilər. Mənbədə döyüş qabiliyyətini saxlayan qalan 2 faizin psixopatik xüsusiyyətlər göstərdiyi qeyd edilir. Onların bəzilərində orduya çağırılmamışdan əvvəl də ciddi psixoloji problemlərin olduğu, müharibə şəraitində isə bu xüsusiyyətlərin davranışlarına təsir etdiyi bildirilir.

Araşdırmaların əsas müddəası insanın başqa birini öldürməsinə qarşı bioloji və psixoloji müqavimətin mövcudluğudur. Beləliklə, döyüşçü qarşı tərəflə yanaşı öz vicdanı, instinktləri və daxili maneələri ilə də mübarizə aparır.

Müəllif bu düşüncənin yeni olmadığını vurğulayır və XVII əsrdə Reç Pospolitada keçirildiyi iddia olunan atış təlimini nümunə göstərir. Rəvayətə görə, polk səviyyəsində keçirilən məşqdə əsgərlər 500 hədəfi vurublar. Bir neçə gün sonra real döyüşdə həmin bölmənin atəşi nəticəsində cəmi üç düşmən əsgəri yaralanıb və ya öldürülüb. Təlimdə cansız hədəfə atəş açmaqla qarşıda insan olduğu döyüşün nəticəsinin fərqli olması bununla izah edilir.

Məqalədə başqa bir qənaət də irəli sürülür: yüksək aqressivlik göstərən və öldürməkdən çəkinməyən azsaylı hərbçilər bəzən bölmənin sağ qalmasında həlledici rol oynayıblar. Veteranların xatirələrinə əsasən, taqımda və ya bölükdə belə bir əsgərin olması ümumi nəticəni dəyişə bilərdi.

Müttəfiqlərin Fransaya desant çıxarması zamanı baş verdiyi deyilən hadisə buna misal çəkilir. Amerikalı veteranın sözlərinə görə, sahilə enəndə bölmənin əksər üzvləri sığınacaqlarda gizlənib, yalnız bir əsgər alman bunkerlərinə doğru hərəkət edib. O, istehkamın atəş nöqtəsinə yaxınlaşaraq pulemyotun lüləsinə avtomat darağındakı güllələri boşaldıb, ardınca bunkerin içinə qumbara ataraq oradakı alman əsgərlərini öldürüb.

Həmin döyüşçü daha sonra ikinci istehkamı da ələ keçirib. Veteranın xatirəsinə görə, oradakı 30 alman əsgəri müqavimət göstərmədən təslim olub. Əsgər daha sonra təkbaşına üçüncü bunkeri tutmağa cəhd edib.

Veteran döyüş yoldaşını belə xatırlayıb: “Görünüşcə tamamilə adi insan idi. Onunla ünsiyyətdə olanda da hər şey normal görünürdü. Amma onunla yaxından yaşayanlar, o cümlədən mən bilirdik ki, bu adamın psixikasında ciddi problemlər var. O, əsl psixopat idi”.

Məqalənin yekun fikrinə görə, müharibə insanın fiziki hazırlığı ilə yanaşı psixoloji davamlılığını da sınağa çəkir. Qorxu, vicdan, özünüqoruma instinkti və aqressiya döyüş şəraitində qarşı-qarşıya gəlir.