QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Rusiya ABŞ-a çatdırılması planlaşdırılan, lakin qəbul olunmayan dizel yanacağını Braziliyada satmağa çalışır.
Abicom ticarət qrupunun rəhbərinin bildirdiyinə görə, rus şirkətləri Braziliyanın yanacaq distribütorlarına Rusiyada yüklənmiş ən azı dörd tankerdəki dizeli almağı təklif ediblər.
Söhbət ABŞ-ın Donald Trampın təşəbbüsü ilə əldə edilmiş “dizel razılaşması”na rəğmən qəbulundan imtina etdiyi yanacaq partiyalarından gedir. Braziliyalı treyderlər isə hələlik bu təkliflə razılaşmayıblar: onların fikrincə, təklif olunan qiymətlər ABŞ mənşəli dizellə müqayisədə cəlbedici deyil.
Braziliyada dizelə tələbat hazırda yüksəkdir. İlin dördüncü rübündə kənd təsərrüfatı sahəsində ənənəvi olaraq genişmiqyaslı mövsümi işlərin görülməsi yanacağa ehtiyacı artırır.
Dizel tələbatını qarşılamaq üçün Braziliya xarici təchizatçılardan əhəmiyyətli dərəcədə asılıdır. Ölkə bu yanacağın idxal həcminə görə dünyada ikinci yerdə qərarlaşır; ondan öndə yalnız Avstraliya gəlir.
ABŞ-a yola düşmüş Rusiya dizeli daşıyan ən azı bir tanker hazırda Atlantik okeanında gözləyir.
Bundan əvvəl ABŞ-da Rusiya yanacağının mümkün idxalı ilə əlaqədar siyasi mübahisə baş vermişdi. Nyu-Cersi qubernatoru Mikki Şerrill liman operatorlarına və terminal sahiblərinə Rusiya istehsalı olan dizeli qəbul etməmək çağırışı etmişdi. Onun fikrincə, yanacağın qəbulu 2022-ci ildə Rusiyaya qarşı tətbiq edilmiş federal sanksiyaları pozmuş ola bilər.
Nyu-Cersidə Nyu-York liman kompleksinə daxil olan iri neft terminalları və yanacaq anbarlarının bir qismi yerləşir.