QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla yeni razılaşma bağlamasına ehtiyac olmadığını bəyan edib.
Tramp bu mövqeyini bu gün “Truth Social” hesabında yayımladığı paylaşımda ifadə edib. “İranla anlaşmağa ehtiyacımız yoxdur, həmin dövr çoxdan bitib”, – deyə ABŞ lideri yazıb.
O, qərarını Vaşinqtonun İrana aid yüz milyardlarla dolları ələ keçirməsi, eləcə də strateji əhəmiyyət daşıyan Hörmüz boğazına nəzarəti ilə izah edib.
Eyni paylaşımda Tramp vitse-prezident Cey Di Vensə xarici danışıqlar aparmaq əvəzinə ABŞ-nin daxili məsələlərinə diqqət ayırmağı tapşırıb. Prezident ondan Demokratlar Partiyasının idarə etdiyi ştat və şəhərlərdə korrupsiya və cinayətkarlıqla bağlı araşdırmalar aparmasını istəyib. Onun xüsusi qeyd etdiyi bölgələr Minnesota, Kaliforniya və İllinoys olub.
Tramp həmin ştatlarda hər ay milyardlarla dolların mənimsənildiyini iddia edib. O, korrupsiyanın qarşısının alınmasının federal büdcənin tarazlaşdırılmasına yardım edəcəyini bildirib.
Açıqlama ABŞ Mərkəzi Komandanlığının İranın quru və dəniz təchizat marşrutlarını kəsmək məqsədilə başlatdığı “Dəmir Qapı” əməliyyatı və dəniz blokadası davam edərkən verilib.
Son həftələr Qətərin vasitəçiliyi ilə mümkün atəşkəs və Hörmüz boğazının açılması məsələləri müzakirə olunsa da, İran rəsmiləri Vaşinqtonla hazırda danışıqlar aparılmadığını və ABŞ-yə güzəştə getməyəcəklərini açıqlayıblar.