QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Məclis.info” saytının rəhbəri İmran Əliyev və onunla eyni iş üzrə təqsirləndirilən ictimai fəallar Elgiz Qəhrəmanla Tamella Musayevanın məhkəmə araşdırması yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün keçirilən iclasda hökm elan olunub. Qərara əsasən, İmran Əliyev 10 il, Elgiz Qəhrəman isə 9 il müddətinə azadlıqdan məhrum edilib. İndiyədək azadlıqda olan Qəhrəman hökmün elanından sonra məhkəmə zalında həbs olunub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin səkkiz maddəsi üzrə ittiham irəli sürülüb: 192.2.2 — külli miqdarda gəlir götürməklə qanunsuz sahibkarlıq, 192.2.3 — əməlin mütəşəkkil dəstə tərəfindən törədilməsi, 193-1.3.1 və 193-1.3.2 — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və bunun xeyli miqdarda törədilməsi, 206.4 — mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, 213.2.1 — vergiləri ödəməkdən mütəşəkkil dəstə tərəfindən yayınma, həmçinin 320.1 və 320.2 — sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə.