QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən mediator Türkər Əliyeva ev dustaqlığına buraxılıb.
Bu barədə qərar bu gün Sumqayıt Şəhər Məhkəməsində çıxarılıb. Məhkəmə onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Qərarda Əliyevanın himayəsində üç azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağın olduğu, onları təkbaşına böyütdüyü, daimi yaşayış yerinin mövcudluğu və dörd uşağı ilə həmin ünvanda yaşaması nəzərə alınıb. Həmçinin dəymiş ziyanın müəyyən hissəsinin ödənilməsi, istintaqdan yayınmaması və belə niyyətini göstərən sübutların məhkəməyə təqdim edilməməsi, eləcə də ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması əsas götürülüb.
Türkər Əliyeva mediator kimi fəaliyyət göstərir. O, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin keçmiş rəisi, general-mayor Natiq Əliyevin qızıdır.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 313-cü maddələri (vəzifə saxtakarlığına təhrik etmə) ilə ittiham irəli sürülüb.
İttihama əsasən, Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə yardım vədi ilə külli miqdarda pul alıb. O, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini, ehtiyatda olan general-mayor Ceyhun Rzayevin şikayəti əsasında prokurorluqda aparılan araşdırma zamanı saxlanılıb.