QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Berlində “Həbsxana geyimində vicdan” adlı sərgidə yeddi ölkədə siyasi məhbusların geyindiyi paltarlar təqdim olunub.
Ekspozisiyanın kuratorlarından biri Myanmadan olan rəssam və hüquq müdafiəçisi Saydır. Siyasi məhbusun oğlu olan Say özü də insan hüquqlarının müdafiəsi ilə məşğuldur. Digər kurator, Belarusda siyasi məhbus kimi həbs həyatı yaşamış Andrey Sannikovdur.
Sərgi ideyası iki kuratorun yay aylarında keçirilən eyni konfransa həbsxana geyimində qatılmasından sonra ortaya çıxıb.
Əvvəlcə 10 eksponatın nümayişi planlaşdırılsa da, Uqanda, İran və Kamerundan həbsxana paltarlarını əldə etmək mümkün olmayıb. Buna görə ekspozisiyada Venesuela, Belarus, Kuba, Kamboca, Tibet, Vyetnam və Myanmadan gətirilmiş geyimlər yer alıb.
Diqqət çəkən eksponatlardan biri belaruslu fəal Polina Şarendo-Panasyukun zəhərli çəhrayı rəngli, güllü naxışlı donudur. O, həbsdə olduğu vaxt özünü məhbus yox, hərbi əsir adlandırması ilə də tanınıb.
Sərginin məqsədi siyasi təqiblərə məruz qalan insanların taleyini gündəmə gətirmək, onların həbsxanadakı həyatını və azadlıq uğrunda mübarizəsini geyimlər vasitəsilə göstərməkdir.