QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, evin sığortalanması yanğın, su basması və ya zəlzələ nəticəsində yaranan zərərin bütün hallarda qarşılanacağına zəmanət vermir. Bəzi vəziyyətlərdə sığorta şirkəti ödəniş etməyə bilər.

Sığorta məsələləri üzrə ekspert Nicat Əlibəyli bildirib ki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşların nəzərə almalı olduğu bir neçə vacib məqam var.

Ekspertin sözlərinə görə, ödənişdən imtinaya zərərin qəsdən törədilməsi, hadisə barədə aidiyyəti qurumlara və sığorta şirkətinə vaxtında məlumat verilməməsi, eləcə də zərərin səbəbini təsdiqləyən rəsmi sənədlərin təqdim olunmaması əsas ola bilər.

“Daşınmaz əmlakın icbari sığortası haqqında” qanuna əsasən, sığortalanmış tikili yanğın, su basması və ya zəlzələdən zərər gördükdə şirkət yalnız qanunvericilikdə nəzərdə tutulan müstəsna hallarda ödənişdən imtina edə bilər. Belə hallara zərərin sığortalı tərəfindən qəsdən vurulması və qanunda göstərilən digər birbaşa istisnalar daxildir. Mənzildəki kommunikasiya xətlərinin və ya avadanlıqların köhnəlməsi icbari sığortada özlüyündə imtina səbəbi sayılmır.

Nicat Əlibəyli könüllü əmlak sığortasında müqavilə şərtlərinin əsas götürüldüyünü də qeyd edib. Onun sözlərinə görə, Mülki Məcəllənin müvafiq maddəsinə uyğun olaraq, şirkət riskləri düzgün qiymətləndirmək üçün mənzildəki ciddi nasazlıqların və köhnəlmiş avadanlıqların əvvəlcədən dürüst şəkildə bildirilməsini tələb edə bilər.

Ekspert hadisə baş verən kimi vətəndaşlara aidiyyəti dövlət qurumları və sığorta şirkəti ilə əlaqə saxlamağı, zərərin həcmini isə rəsmi sənədlərlə təsdiqləməyi tövsiyə edib. O, icbari əmlak sığortasında franşiza şərtləri, sığorta məbləği üzrə limitlər və hadisədən dərhal sonra müraciət qaydalarının da diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb.