QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyə Rusiyadan aldığı təbii qazın həcmini azaltmaqla yanaşı, daha ucuz təchizat mənbələrinə yönəlməyi planlaşdırır. Bu dəyişikliklər fonunda Azərbaycan qazının Türkiyə bazarındakı mövqeyi də möhkəmlənir.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Rusiyadan qaz idxalının azalması siyasi qərarla deyil, iqtisadi amillərlə bağlıdır. Onun sözlərinə görə, Rusiyanın təklif etdiyi qazın qiyməti yüksək olduğundan Ankara daha sərfəli mənbələr axtarır.
“Rusiyadan daha az, ABŞ-dan isə daha çox qaz almağımızın səbəbi çox sadədir: məsələ siyasət deyil, qiymətdir. Rusiya qazı həddindən artıq bahadır”, – Bayraktar deyib.
Nazir qeyd edib ki, qiymət fərqi Türkiyəni ucuz qaz marşrutları və alternativ yanacaq təchizatçıları axtarmağa sövq edir. Bununla belə, Ankara Rusiyadan qaz alışını tam dayandırmaq niyyətində deyil. Bayraktar Türkiyənin Rusiya qazına ehtiyacının qalacağını, lakin qiymətlər arasındakı fərq dəyişməzsə, idxalın azaldılması prosesinin davam edə biləcəyini bildirib.
Açıqlama Türkiyənin “Milli Enerji 2040” strategiyasının təqdim olunduğu vaxt səslənib. Sənədə əsasən, ölkənin illik qaz tələbatının 2040-cı ildə 57 milyard kubmetr səviyyəsində saxlanması planlaşdırılır. Strategiya icra olunmasa, tələbatın 77 milyard kubmetrə yüksələ biləcəyi qeyd edilir.
Türkiyənin qaz idxalındakı təchizatçıların payı da dəyişir. 2006-cı ildə Rusiyanın bu bazardakı payı təxminən 64 faiz idisə, 2025-ci ilin əvvəlində 37 faizə enib. Azərbaycanın payı 22 faizə çatıb. ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) idxalı da sürətlə artır.
Beləliklə, Türkiyənin enerji bazarında təchizat mənbələrinin nisbəti yenilənir: Azərbaycan boru kəmərləri ilə ölkənin etibarlı qaz təchizatçılarından biri olaraq mövqeyini gücləndirir, ABŞ isə LNG ixracı vasitəsilə bazardakı iştirakını artırır.
Ankaranın yanaşması enerji təchizatını şaxələndirməyin və daha münasib qiymətə qaz əldə etməyin prioritet olduğunu göstərir. Bu xətt davam edərsə, Azərbaycan qazının Türkiyə bazarındakı strateji rolu daha da arta bilər.
Türkiyənin Rusiya qazını azaltmaq niyyəti Moskva üçün əhəmiyyətli iqtisadi siqnal sayılır, çünki Türkiyə Rusiya qazının əsas alıcılarından biridir. Ankara qiymət məsələsində güzəşt əldə etməklə yanaşı, digər təchizatçılarla əməkdaşlığını genişləndirmək imkanına malikdir.