QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azər Türk Bankın Müşahidə Şurası bankın filiallarından birinə Vətən müharibəsində şəhid olmuş əməkdaşı Rauf Əliyevin adının verilməsi barədə qərar qəbul edib.
Bakıda, Asif Məhərrəmov küçəsi 99 ünvanında yerləşən filial bundan sonra “Şəhid Rauf Əliyev” adı ilə fəaliyyət göstərəcək. Advermə mərasimində bankın rəhbərliyi və əməkdaşları, həmçinin şəhidin valideynləri iştirak ediblər.
Bankın İdarə Heyətinin sədri Günel Nəbiyeva tədbirdə bildirib ki, Rauf Əliyev informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssis olub. Onun sözlərinə görə, rəqəmsal filialın şəhid əməkdaşın adını daşıması rəmzi məna kəsb edir: burada çalışanların və filiala gələnlərin Rauf Əliyevin həyat yolu ilə tanış olması, Vətən qarşısındakı borcunu yerinə yetirmiş gəncin xatirəsini yaşatması nəzərdə tutulur. Nəbiyeva bunu şəhid ailələrinə dövlət qayğısının nümunəsi kimi dəyərləndirib.
Tədbirdə Rauf Əliyevin xatirəsi ehtiramla anılıb, şəklinin önünə güllər qoyulub. Valideynləri Səxavət Əliyev və Xavər Əliyev onun döyüş yolundan danışıblar.
Rauf Əliyev göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə şəhid olmuş Azər Türk Bank əməkdaşı kimi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə də layiq görülüb.
Əliyev 4 iyun 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. Orta təhsilini Bakıda alan Rauf Əliyev Azərbaycan Texniki Universitetində “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb.
Tələbə olduğu vaxtlardan proqramlaşdırmaya maraq göstərən Əliyev biliklərini təkmilləşdirib, beynəlxalq sertifikatlar əldə edib və xaricdə peşəkar təlimlərdə iştirak edib. 2016-cı ildə hərbi xidmətə çağırılıb və Aprel döyüşlərində iştirak edib.
Hərbi xidmətini başa vurduqdan sonra, 28 avqust 2018-ci ildə Azər Türk Bankın İnformasiya Texnologiyaları Departamentinin Proqram Təminatı Şöbəsində mühəndis kimi işə başlayıb. Sonradan mühəndis-proqramçı, daha sonra aparıcı mühəndis-proqramçı vəzifələrində çalışıb.
2020-ci ildə Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedən Rauf Əliyev torpaqların azadlığı uğrunda döyüşüb. O, həmin il oktyabrın 22-də Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub.