QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan nefti “Azeri Light”ın qiyməti 126 dollara qədər yüksəldikdən sonra yenidən 100 dollar həddinə yaxınlaşıb. Son günlər dünya bazarında neft ucuzlaşır. ABŞ Konqresinə keçirilən aralıq seçkilərdə Donald Trampın Respublikaçılar Partiyasının mövqelərinin xeyli zəifləməsi fonunda qiymətlər 100 dollardan aşağı düşüb. Ukraynanın Rusiyadakı neft emalı müəssisələrinə zərbələri də bazar dinamikasına təsir edən amillərdəndir.
Neftin ucuzlaşması nə qədər davam edə bilər və ABŞ-dəki siyasi proseslər, eləcə də Ukraynanın Rusiyanın neft emalı komplekslərinə hücumlarını artırması qiymətlərə necə təsir göstərə bilər?
İqtisadçı Zəfər Vəliyev bildirib ki, ABŞ-də aralıq seçkilərin nəticələrinin açıqlanmasından sonra “Brent” və WTI markalı xam neftin qiyməti bazar ertəsindən başlayaraq 12 faiz azalıb. Onun sözlərinə görə, bu eniş Yaxın Şərq müharibəsinin tezliklə sona çatacağına dair gözləntilərin artması ilə əlaqəlidir.
“Bazar iştirakçıları düşünürdülər ki, Yaxın Şərqdə hərbi-siyasi gərginlik azaldıqca, neft bazarı cari il fevralın 28-dən formalaşan risk mükafatını mərhələli şəkildə aradan qaldıracaq. Fars körfəzindən tədarükün bərpası yüngül, orta və ağır neftin balansını təmin edərək qiymət artımının qarşısını alacaq. Ancaq regiondakı vəziyyətin qısa müddətdə nizamlanması Fars körfəzi marşrutu ilə neftin sabit tədarükü, emalı və təhlükəsiz daşınması problemlərini həll edə bilməz. Buna görə yaxın vaxtlarda qiymətlərdə kəskin eniş gözlənilmir”, – deyə Vəliyev qeyd edib.
İqtisadçı əlavə edib ki, Yaxın Şərqdəki münaqişə və Rusiya-Ukrayna müharibəsi ilə bağlı əsaslı fikir ayrılıqları neft axınları üçün təhlükə yaradır və qlobal bazarda tarazlığın yaranmasına mane olur.
“2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi və səkkiz aydır davam edən Yaxın Şərq münaqişəsi dünya neft ehtiyatlarını ciddi şəkildə azaldıb. Hazırda bazarın sabit təchizatı üçün təhlükəsizlik ehtiyatı mövcud deyil. Buna görə neftin kəskin ucuzlaşacağından danışmaq hələ tezdir”, – Vəliyev bildirib.