QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Kontakt”ın baş ofisində 12 yaşlı Əli Fətəliyevin çəkdiyi əsərlərin sərgisi keçirilib. Ekspozisiyada onun müxtəlif illərdə yaratdığı mağaza, telefon və reklam afişası rəsmləri yer alıb. Əsərlərin hamısı satılıb və satışdan əldə olunan məbləğ Əlinin ailəsinə verilib. Görüş zamanı ona iPad və Apple Pencil də hədiyyə edilib. Əlinin yaradıcılığı bir neçə gün öncə anasının sosial şəbəkədə paylaşdığı videodan sonra diqqət çəkib.
Anasının sözlərinə görə, ailə alış-verişə gedəndə Əli “Kontakt” mağazasına da baş çəkmək istəyir. O, orada məhsulları diqqətlə nəzərdən keçirir, evə qayıdandan sonra isə yadında qalanları kağıza köçürür. Rəsmlərdə mağazanın üzərindəki *6060 nömrəsi, telefonların kameraları və digər xırdalıqlar əks olunub.
Əlinin anası paylaşımında bildirib: “Bəziləri düşünə bilər ki, yəqin biz onu bu istiqamətə yönləndiririk. Amma Əlini tanıyanlar yaxşı bilir ki, Əli kimi özəl uşaqları heç nəyə vadar etmək mümkün deyil. O, yalnız ürəyindən gələnləri, sevdiklərini çəkir”.
Videoya yazılan şərhlərdə istifadəçilər “Kontakt”ı qeyd edərək şirkətin diqqətini Əlinin rəsmlərinə yönəldiblər. Paylaşımı görən şirkət komandası Əlini və ailəsini baş ofisə dəvət edib. Sərgidə “Kontakt”ın baş direktoru Həsən İsrafilzadə Əliyə təşəkkürünü çatdırıb: “Kontakt həmişə işləyir, çox iş görürük. Hərdən nəsə yaxşı olur, hərdən nəsə pis. Amma bugünkü qədər bizi sevindirən az şey olub. Sən bizə bu qədər sevgi ilə yanaşırsan, çox sağ ol”. Tədbirlə bağlı paylaşım daha sonra Əlinin öz səhifəsində də yerləşdirilib.