QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, aparıcı Firuzə Cəlilova ətrafında yayılan məlumatlarla bağlı media nümayəndələrinə müraciət edib və həmkarlarını xəbərlərin dəqiqliyinə, peşə etikasına əməl etməyə çağırıb.
Cəlilova bildirib ki, jurnalistika sahəsində uzun illər çalışdığı üçün müraciətini həmkarlarına ünvanlayır. Onun sözlərinə görə, etdiyi paylaşımın ardınca məsələ ilə bağlı böyük ajiotaj yaranıb, bəzi məlumatların təqdimatı və yayılma sürəti isə narahatlıq doğurub. Aparıcı özünü cinayətkar və ya xalq düşməni olmadığını vurğulayıb.
O, şəxsi həyatı barədə yayılan məlumatların hansı mənbəyə və təsdiqə söykəndiyinin aydın olmasının vacibliyini qeyd edib. Cəlilova təsdiqlənməmiş iddiaların ictimaiyyətə çatdırılmasını düzgün saymadığını, rəsmi məlumat olduqda isə onun mənbəyinin və təsdiqinin göstərilməli olduğunu bildirib.
Aparıcı heç bir media qurumunu və jurnalisti ümumilikdə ittiham etmədiyini deyərək, obyektivlik, dəqiqlik və qarşı tərəfin fikrini dinləmək prinsiplərinə hörmət etdiyini söyləyib. O, həmkarlarını məsələyə həssas və məsuliyyətlə yanaşmağa çağırıb.
Cəlilova hadisənin birtərəfli təqdim edilməməsini, təsdiqlənməmiş məlumatların yayılmamasını və şəxsi həyatın toxunulmazlığının nəzərə alınmasını istəyib. “Mənim də mövqeyim, sözüm və hüquqlarım var”, – deyə aparıcı əlavə edib.
Anası barədə yayılan məlumatlara münasibət bildirən Cəlilova həmin iddiaları yayanlardan mənbə göstərmələrini tələb edib. O, hələlik hər şeyin naməlum qaldığını, telefonların və digər əşyaların təhvil verilmədiyini söyləyib.
Müraciətinin sonunda aparıcı media sahəsində baş verənləri özü üçün sınaq adlandırıb. 42 ildir mediada olduğunu deyən Cəlilova indiyədək demək olar ki, bütün media nümayəndələrini dost bildiyini, lakin hazırkı vəziyyətin ona kimin yanında, kimin qarşısında olduğunu göstərdiyini qeyd edib.
Xatırladaq ki, noyabrın 26-da axşam Firuzə Cəlilova Novxanı qəsəbəsindəki bağ evinə naməlum şəxslərin girdiyini və evdə olan yaxınlarının telefonları ilə pul və zinət əşyalarının oğurlandığını iddia etmişdi. Daxili İşlər Nazirliyi həmin ünvanda əməliyyat keçirildiyini və bir sıra cinayətlərə görə axtarılan, əvvəllər dəfələrlə məhkum edilmiş Əlihüseyn Hüseynovun saxlanıldığını açıqlayıb.
Rəsmi məlumatdan sonra Cəlilova evində kənar şəxsin olmadığını, axtarışda olan şəxsin isə qonşu həyətdəki yarımtikilidə tutulduğunu bildirib. Bəzi media orqanlarında həmin şəxsin evdə qəsdən gizlədildiyi və aparıcının anası ilə qeyri-rəsmi münasibətinin olduğu barədə iddialar da yayılıb.