QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, “Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi” MMC-nin saxlama anbarlarında qeydə alınan antisanitar vəziyyətlə bağlı görüntülər yayılıb. Videonu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) paylaşıb.

Agentlik anbarlarda 400 tondan artıq yararsız toyuq məhsulu aşkarlandığını açıqlayıb. AQTA-nın məlumatına əsasən, yoxlamalar əhalinin sağlamlığının və istehlakçı hüquqlarının qorunması, eləcə də təhlükəli məhsulların istehsalı və dövriyyəsinin qarşısının alınması məqsədilə aparılır.

Kompleksin anbarlarında etiketdə göstərilən istifadə müddəti başa çatmış, istehsal tarixi gələcək tarix kimi qeyd edilmiş və korlanma əlamətləri olan toyuq əti məhsulları tapılıb.

Baş Prokurorluğun istintaq tədbirləri zamanı müəyyən edilib ki, insan həyatı və sağlamlığı üçün təhlükə yaradan, müddəti bitmiş və korlanmış 400 tondan çox toyuq əti Xızı rayonunda yerləşən müəssisənin istehsal sahəsində yararlı məhsullarla yanaşı, satış üçün saxlanılıb. Aidiyyəti dövlət qurumunun zəruri tədbirləri davam etdirdiyi bildirilib.

Xatırladaq, noyabrın 25-də “Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi” MMC-də təhlükəli toyuq məhsullarının dövriyyəsi ilə əlaqədar üç nəfər məsuliyyətə cəlb olunub.